Dr. Sahib Cəfərov Pediatr, neonatoloq-reanimatoloq

Tibbi məqalə

Uşaqlarda D vitamini çatışmazlığı

Azərbaycan cənub ölkəsidir və günəşli günlərimizin sayı kifayət qədərdir. Buna baxmayaraq müayinələrdə D vitamini çatışmazlığına çox rast gəlirik, bəzən çox kritik göstəricilərlə.

Hansı şikayətlərin arxasında dayanır

Çatışmazlıq özünü ayrıca bir “xəstəlik” kimi göstərmir: buna görə də çox vaxt gec tapılır. Qəbula gətirilən uşaqların şikayətləri adətən belə olur:

  • baş ağrısı;
  • əzələ və sümük ağrıları;
  • yuxu pozğunluğu;
  • iştahsızlıq və çəki problemi;
  • tez yorulma, əzginlik, gündəlik aktivliyin azalması.

Bu siyahının hər maddəsinin başqa səbəbləri də var. Ona görə D vitamini “ehtimal” deyil, analizlə yoxlanılan göstəricidir.

Norma və rast gəldiyimiz göstəricilər

Normal göstərici 30–100 nq/ml referans aralığındadır. Praktikada isə bəzən çox kritik aşağı göstəricilərlə, 4,5–10,0 nq/ml aralığında rastlaşırıq. Bu səviyyə artıq təsadüfi profilaktik doza ilə deyil, hesablanmış müalicə dozası ilə idarə olunur.

Doza məsələsi. D vitamini “nə qədər çox, o qədər yaxşı” olan vitamin deyil. Profilaktik doza yaşa görə verilir; müalicə dozası isə analiz nəticəsinə görə hesablanır və nəzarət altında davam etdirilir. Öz-özünə yüksək doza vermək təhlükəlidir.

Nə etmək olar

  • Profilaktikanı ardıcıl aparmaq. Ən çox rast gəldiyimiz səbəb dozanın düzgün olmaması yox, requlyar verilməməsidir — “yada düşəndən düşənə”.
  • Yaydan düzgün yararlanmaq. Günəşin ultrabənövşəyi şüalarından optimal istifadə: həddi aşmadan, günün ən isti saatlarından kənarda.
  • Şübhə olanda ölçmək. Uzun sürən şikayətlərdə analiz nəticəsi təxminlərdən qat-qat faydalıdır.

Bu, təkcə uşaqlara aid deyil: eyni şikayətlərlə müraciət edən böyüklərdə də göstərici çox vaxt aşağı çıxır. Ailədə bir uşaqda çatışmazlıq tapılırsa, digərlərini də yoxlamağa dəyər.

Uşağınız üçün qəbula yazılın

Dr. Sahib Cəfərov — Leyla Medical Center-in aparıcı pediatrı. Xətai rayonu, Yusif Səfərov küçəsi 19, Bakı.