Valideynlər üçün
Uşaqda hərarət: nə vaxt təcili həkimə?
Valideynlərin ən çox qorxduğu rəqəm termometrdəki rəqəmdir. Halbuki qərarı çox vaxt rəqəm yox, üç şey verir: uşağın yaşı, ümumi vəziyyəti və hərarətin neçə gündür davam etməsi.
1. Yaş: ən vacib amil
2 aylığa qədər südəmər uşaq hərarətlə müraciət edirsə, bu, evdə izlənəcək vəziyyət deyil. Belə körpə müayinə olunmalı, qan və sidiyin ümumi analizləri, iltihab markerləri yoxlanmalı, şübhəli hallarda əlavə müayinələr aparılmalı və nəzarət altında saxlanılmalıdır. Bu yaşda infeksiya sürətlə yayıla bilir və “bir gün gözləyək” yanaşmasının bədəli ağır olur.
2. Uşağın vəziyyəti: rəqəmdən vacibdir
39 dərəcə hərarəti olan, amma hərarətsalıcıdan sonra oyanan, oynayan, maye qəbul edən uşaq adətən 38 dərəcə hərarətlə süst yatan, oyanmayan uşaqdan daha az narahatlıq doğurur. Baxılası şey termometr deyil, uşağın özüdür.
3. Müddət
Standart müalicə tədbirlərinə baxmayaraq 5 gündən artıq davam edən yüksək hərarət (xüsusən 5 yaşdan böyük uşaqlarda) ayrıca araşdırma tələb edir. Uzun sürən hərarətin arxasında adi virus infeksiyasından fərqli səbəblər dayana bilər və bu, mütləq həkim qiymətləndirməsindən keçməlidir.
Gecikmədən həkimə / təcili yardıma
- 2 aylığa qədər körpədə hər hansı hərarət.
- Nəfəs almanın çətinləşməsi, qabırğaarası dartılmalar, dodaqların göyərməsi.
- Qıcolma, huşun dumanlanması, oyandırmaqda çətinlik.
- Bədəndə sürətlə yayılan səpki: xüsusən barmaqla basdıqda solmayan səpki.
- Davamlı qusma, susuzlaşma əlamətləri (sidik yoxdur, göz yaşı yoxdur).
- Boynun sərtləşməsi, işıqdan narahatlıq, şiddətli baş ağrısı.
- Hərarətsalıcıdan sonra da uşağın süst və reaksiyasız qalması.
- Kataral əlamət olmadan təkrarlanan “səbəbsiz” hərarət.
Evdə nə etmək olar
- Uşağı çox geyindirməmək, otağı sərinləmək (amma külək altında saxlamamaq).
- Tez-tez və az miqdarda maye vermək: susuzlaşma hərarətin özündən daha çox zərər verir.
- Hərarətsalıcını yaşa və çəkiyə uyğun dozada, həkimin göstərişi ilə vermək.
- Uşağın davranışını izləmək: oyanır, maye qəbul edir, sidiyə gedirmi.
5 gündən uzun hərarətdə düşünülməli olan bir diaqnoz
5 yaşdan böyük uşaqlarda standart müalicəyə baxmayaraq 5 gündən artıq davam edən yüksək hərarət varsa, Kavasaki xəstəliyi də ehtimallar arasında nəzərdən keçirilməlidir. Bu vəziyyətdə gözlərin qızarması, boyunda limfa düyünlərinin böyüməsi, dilin xarakterik görünüşü, sonrakı günlərdə barmaq uclarında dərinin soyulması müşahidə oluna bilər. Vaxtında qoyulan diaqnoz ürək tərəfindən yarana biləcək fəsadların qarşısını alır: buna görə uzun sürən hərarəti “sadəcə virusdur” deyə yekunlaşdırmaq olmaz.
Hərarət haqqında
Neçə dərəcədən yuxarı hərarət təhlükəlidir?
Hərarət qıcolmaya səbəb ola bilərmi?
Hərarətsalıcını neçə saatdan bir vermək olar?
Uşağınız üçün qəbula yazılın
Dr. Sahib Cəfərov — Leyla Medical Center-in aparıcı pediatrı. Xətai rayonu, Yusif Səfərov küçəsi 19, Bakı.